Adriano “Flamenqo” ilə yenidən anlaşmaq üzrədi
Şəxsi həyatı ilə tez-tez gündəmə gələn və bir müddətdi alkaqol müayinəsi keçən braziliyalı futbolçu Adriano keçmiş komandası “Flamenqo” ilə yenidən anlaşmaq üzrədi. Braziliya mətbuatı tərəflərin bu gün danışıqlar masasına oturacağı barədə xəbər yayıb.
Məlumata görə, görüşün ardınca klub Adrianonun transferini rəsmən açıqlayacaq və bundan sonra o, məşqlərə başlayacaq. İddialara görə, “Flamenqo”nun 10 nömrəli forması heç bir futbolçuya verilməyib və məhz onun üçün saxlanılıb. Bu nömrə Ronaldinyonun “Flamenqo”dan ayrılmasından sonra boşdu.
Xəbərlə bağlı açıqlama verən Adriano bunları deyib: “Özümü yaxşı hiss edirəm və məşqləri davam etdirirəm. Fikrimcə, bir ay ərzində yenidən yaşıl meydanlara dönə bilərəm. Arzum yenidən qol sevinci yaşamaqdı. “Flamenqo”ya dönəcəyim üçün çox xoşbəxtəm. Çünki bura mənim evimdi”.
Qeyd edək ki, Adriano 2000-2001-ci illərdə “Flamenqo”da çıxış edib. 2001-2009-cu illərdə Milan “İnter”ində forma geyinən (123 oyun, 48 qol) futbolçu 2009-da komandadan ayrılaraq “Flamenqo”ya dönmüş və bir mövsüm doğma klubunda oynamışdı. Daha sonra 1 il “Roma”nın formasını geyinən Adriano 2011-2012 mövsümündə “Korintians”da çıxış etdikdən sonra alkaqol müalicəsinə başlamışdı. O, Braziliya millisində keçirdiyi 48 oyunda 27 qol vurub.

Xəbər 925 dəfə oxundu.