UEFA Konfrans Liqası: “Bazel” - “Qarabağ” matçının heyətləri açıqlanıb
Dekabrın 9-da UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində üz-üzə gələcək İsveçrənin “Bazel” və Ağdamın “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Bakı vaxtı ilə saat 00:00-da “Sent Yakob Park” stadionunda start götürəcək oyunu xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxacaqlar.

“Bazel” klubunun ilk onbirliyində isə Haynts Linder, Nasser Ciqa, Paytim Kasami, Artur Kabral, Valentin Stokker, Fabian Fray, Serxio Lopes Qalaçe, Vouter Burger, Raul Petretta, Matias Palasios və Edon Joqrova yer alıblar.

Qrupdan çıxması dəqiqləşdirilmiş hər iki kollektiv səkkizdəbir finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.

“Qarabağ”ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaqlar. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. “Bazel”in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.

Bu oyun “köhlən atlar” üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəlxalq arenada 140-cı görüşünə çıxacaq.

Qeyd edək ki, bu qrupun digər oyununda Kiprin “Omoniya” komandası Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Xəbər 289 dəfə oxundu.