Milli Olimpiya Komitəsində Yaponiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi ilə görüşüb.

Görüşdə Ç.Hüseynzadə Tokio Yay Olimpiya Oyunları haqqında təəssüratlarını bölüşərək, Olimpiadanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, Oyunların təhlükəsiz və uğurlu təşkili, həmçinin 27-si qızıl, 14-ü gümüş və 17-si bürünc olmaqla ümumilikdə 58 medal qazanan Yaponiya komandasının həm “Tokio-1964” (29 medal), həm də “Meksika-1968” (25 medal) olimpiadalarındakı nəticəni təkrarlayaraq yenidən 3-cü yerdə qərarlaşması münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili olan 2022-ci illə bağlı MOK-un bir sıra əməkdaşlıq təklifləri müzakirə olunub.

Səfir Vada Cuniçi Oyunlara dəstək məqsədilə MOK-un təşəbbüsü ilə qatıldığı “Rəsmi idman geyiminin təqdimatı” və “Zəfər Günləri”nin onun üçün əhəmiyyətindən danışıb. O, Tokio Yay Olimpiya Oyunlarında təşkilat komitəsinin idmançıların sağlamlıqlarının qorunmasına nail ola bilməsini xüsusi qeyd edib.

Görüşdə MOK baş katibinin müavini Azər Əliyev və marketinq departamentinin rəhbəri Mehman Kərimov qarşılıqlı əməkdaşlıq məsələlərinə dair məlumat veriblər.

Təqdimatlardan sonra diplomat 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili ilə əlaqədar planlaşdırdıqları tədbirlər planını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və baş katibin müavini Azər Əliyevə təqdim edib.

Xəbər 370 dəfə oxundu.