Şəhid Oktay Ağabəyovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Vətən müharibəsi şəhidi "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş şəhid Oktay Ağabəyovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə şəhid Oktay Ağabəyovun anası Əlvadə xanım, atası Baxşəli Ağabəyov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, sektor müdiri Gündüz Vəliyev, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

Mərasimdə çıxış edən Aydın Yusifov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. O qeyd edib ki, bundan sonra da Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyi planlaşdırılıb.

Şəhidin atası Baxşəli Ağabəyov övladının xatirəsini əziz tutduqlarına görə hamıya minnətdarlığını bildirib. O bildirib ki, şəhidlərin davamçısı varsa, onların xatirələri hər yerdə anılırsa, deməli onlar ölməyib, ürəklərdə yaşayırlar.

Sonda turnirdə fərqlənənlər Baş İdarə tərəfindən medallar və xatirə diplomları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, yarışda oğlanlar arasında Süleyman Süleymanlı birinci, Allahverdi Həmidov ikinci, Amin Qurbanov üçüncü yerləri tutublar.

Qızlar arasında isə Xanım İsmayılova, Şəms Fərzəli və Nərgiz Rəşidova ilk üç yerə layiq görülüblər.

Xəbər 298 dəfə oxundu.