Voleybol üzrə milli komandalarımızın Avropa Liqasındakı rəqibləri müəyyənləşib
Voleybol üzrə Avropa Liqasının püşkü atılıb.

Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının 2022-ci ildəki turnirdəki rəqibləri bəlli olub.

Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasında C qrupunda Ukrayna, Macarıstan və Rumıniya ilə oyunlarda qüvvəsini sınayacaq.

Yığmamız mükafatlar uğrunda mübarizə aparmaq üçün qrup qalibi olmalıdır. İki dövrəlik dairəvi sistemli qrup mərhələsindən sonra birinci yeri tutanlar və meydan sahibi “Dördlər finalı”nda yarışacaqlar. Meydan sahibi qrupunda qalib olarsa, ikinci yer həlledici raundda oynayacaq. Qadınların yarışında turnirə Ukrayna ev sahibliyi edəcəyindən millimiz bu rəqibdən sonra qrup ikincisi də ola bilər.

Kişi voleybolçularımız Gümüş Avropa Liqasında çıxış edəcək. Komandamız B qrupunda Macarıstan və Finlandiya ilə mübarizə aparacaq. Burada iki qrupda keçiriləcək mərhələdən sonra Macarıstan “Dördlər finalı”nı qəbul edəcək.

Qeyd edək ki, yarışa 2022-ci il mayın 25-də start veriləcək.

Xəbər 292 dəfə oxundu.