Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Dekabrın 7-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Bakı İdman Sarayında təşkil olunan mərasimdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva açılış mərasimində çıxış edərək iki illik fasilədən sonra ölkə birinciliyinin keçirilməsinin önəmini vurğulayıb. Çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan nazir müavini iştirakçılara uğurlar arzulayıb.

Milli komandaların heyətinin formalaşdırılması baxımından çempionatın önəmindən danışan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov fərqlənən güləşçilərin gələn il Avropa və dünya çempionatlarında güclərini sınayacaqlarını deyib. Yarışda güclü idmançıların mübarizə apardıqlarını vurğulayan nazirlik rəsmisi pəhləvanlarımızın beynəlxalq arenada uğurlu çıxışları barədə danışıb.

Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev cari ilin idmançılarımız üçün məsuliyyətli olduğunu, pəhləvanlarımızın Tokio Olimpiya Oyunlarında üç medal qazandıqlarını və təmsilçilərimizin irimiqyaslı turnirlərdə uğurla çıxış etdiklərini vurğulayıb. Bildirib ki, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına az müddət qalır. Gələn ildən Olimpiya tsiklinə start veriləcək. Ölkə çempionatında uğurla çıxış edən güləşçilər növbəti ildə keçiriləcək mötəbər yarışlarda iştirak hüququ qazanacaqlar. Koronavirus pandemiyası səbəbindən iki il idi respublika birinciliyi keçirilmirdi. Güləşçilərin ölkə çempionatında yenidən çıxış etmələri çox sevindiricidir.

İştirakçılara uğurlar arzulayan N.Əliyev yarışı açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 7 çəki dərəcəsində final görüşlərinə start verilib.

Azərbaycan Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.

Çempionatın proqramına əsasən, yarışın birinci günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Dekabrın 8-də klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə - dekabrın 9-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Karantin rejimi ilə əlaqədar Azərbaycan çempionatı azarkeşsiz keçirilir.


Xəbər 294 dəfə oxundu.