Futbolçu intiharları
İspaniyanın 20-yaşadək gənclər yığmasının üzvü Madrono Xorxe Andres intihar edib. İdman.com.az saytının məlumatına görə, «Valyadolid»in gənclər komandasının oyunçusunun bu addımının səbəbi qarşılıqsız məhəbbətdir. Bunu futbolçunun dostları etiraf ediblər.
Hadisədən bir gün öncə Andres Twitterdə «Hamını qucaqlayıram» yazmışdı. Daha öncə isə sevgilisindən ayrılması ilə bağlı ağır psixoloji durumda olmasını qeyd etmişdi.

İdman aləmində intiharlar elə də nadir hal deyil. Belə hallar ailədə fikir ayrılığı, danışılmış oyunlarda ittiham və s. İlə əlaqədar baş verir. Bu ilin aprelində məhz belə ittihamla üzləşən cənubi koreyalı futbolçu Li Qyun Xvan intihar edib. 24 yaşlı idmançı İnçxondakı evinin damından atılıb. O, xəstəxanaya yolda dünyasını dəyişib. Həmin ölkədə ötən il də iki bənzər hadisə olmuşdu. May ayında üçüncü divizion komandasının 29 yaşlı oyunçusu Çjon Çon Kvan, oktyabrda isə hərbçilərin komandasının üzvü Li Su Çxol öz həyatlarına son qoymuşdular.

Bu ilin aprelində Makedoniyada perspektivli hakim Petr Velyanovski yaşadığı evin 7-ci mərtəbəsindən tullanmışdı və aldığı xəsarətdən yerindəcə həyatı ilə vidalaşmışdı. 29 yaşlı gənc hakim növbəti mövsümdən «A» qrupu hakimi olmalı idi. Lakin onun Makedoniya Futbol Federasiyası ilə sözü çəp gəlmişdi. Hələlik bu hadisənin Balkanlarda və Şərqi Avropada xüsusi yer alan futbol mafiyası ilə nə qədər bağlı olması məlum deyil.

Mart ayında Macarıstandan olan futbol klubu PEAK-ın icraçı direktoru özünə qəsd etmişdi. 48 yaşlı Robert Kutasi çoxmərtəbəli binanın damından atılmışdı. Onun təmiz insan olduğu və komandanın futbolçularının bir hissəsinin əyri yollara əl atmasına dözə bilmədiyi qeyd edilirdi. Klubun 6 futbolçusu fevralın 28-də danışılmış oyunlarda şübhəli bilinərək saxlanılmışdı. Ancaq klub rəsmilərinə qarşı heç bir iş aparılmırdı. Kutasi hələ ölümündən əvvəl müsahibəsində «Mənim həyatım bitib» söyləmişdi.
Ötən ilin aprelində pəncərədən tullanaraq futbol tarixində ən erkən qolun müəllifi, məşhur futbolçu Çen Say Xo öz həyatına son qoymuşdu. Polisin o zaman bildirdiyinə görə, hadisəyə səbəb futbolçunun pul bölüşdürülməsi zəminində həyat yoldaşı ilə mübahisəsi olub.

Ötən ilin ən hay-küylü hadisəsi isə Uels yığmasının baş məşqçisi Qari Spidin özünəqəsdi idi. Məşqçi Çesterdəki evində ölü tapılmışdı. «Lids»in, «Everton»un, «Nyukasl»ın və «Bolton»un keçmiş futbolçusunu asılı vəziyyətdə aşkar etmişdilər. Sonralar onun ölümünün təsadüfi xarakter daşıması ehtimalı da ortaya atılmışdı.

2009-cu ildə «Hannover»in və Almaniya yığmasının tanınmış qapıçısı Robert Enke özünü qatarın altına atmışdı. Sonradan xanımı onun xroniki psixoloji xəstə olduğunu və bu halın ortaya çıxacağı təqdirdə övladlığa götürdüyü qızının əlindən alınacağından qorxduğunu demişdi. Enkenin doğma qızı isə bu hadisədən 3 il öncə ürək xəstəliyindən dünyasını dəyişmişdi.

Bütün bunlar hələ futbolçu intiharlarının bir qismidir.

Xəbər 1046 dəfə oxundu.