“Bazel” - “Qarabağ” matçını xorvatiyalı hakimlər briqadası idarə edəcək
UEFA Konfrans Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində İsveçrənin “Bazel” komandasının qonağı olacaq Ağdamın “Qarabağ” klubunun oyununa hakim təyinatları bəlli olub.

Qarşılaşma Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Fran Yoviç olacaq. Ona Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Ivana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-da “Sent Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və səkkizdəbir finala yüksələ bilər.

Xəbər 328 dəfə oxundu.