Bakıda güləş üzrə Azərbaycan çempionatına start verilib
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb.

Milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyi Bakı İdman Sarayında keçiriləcək. Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.

Çempionatın proqramına əsasən, yarışın birinci günündə yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bu gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.

Dekabrın 8-də klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək. Yarışın sonuncu günündə isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

Yarış dekabrın 9-dək davam edəcək.

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçirilir.

Xəbər 313 dəfə oxundu.