Balotelli Mançesterdə çox qala bilər
«Mançester Siti» öz forvardı Mario Balotelliyə yeni müqavilə təklif etmək istəyir. Bu sazişə əsasən futbolçunun həftəlik maaşı 255 min avroyadək qalxa bilər. İdman.com.az saytının məlumatına görə, 22 yaşlı italiyalının hazırkı müqaviləsi 2015-ci ilədəkdir. Lakin mançesterlilər onu komandada daha uzun müddət görmək istəyirlər. Futbolçunun müqaviləsinin yeni ilin əvvəlində uzadılması planlaşdırılır.

Balotelli «şəhərlilər»də 2010-cu ildən çıxış edir və bu müddət ərzində komandada 60 oyuna 27 qol vurub. O, İngiltərədə «pis oğlan» nüfuzu qazansa da, Roberto Mançini ona etibar edir.

Bundan əlavə, «Mançester Siti»nin rəhbərliyi komandaya daha bir italiyalını gətirmək istəyir. «Şəhərlilər» «Roma»nın yarımmüdafiəçisi Daniele De Rossi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıblar. Söhbət 4 illik müqavilədən gedir. Bu sazişə görə futbolçu yeni komandasında ilə 9 milyon avro almalıdır.

İngilislər «Roma»ya rəsmi təklifi yaxın günlərdə etmək istəyirlər. Transferin dəyərinin 30-35 milyon avro arasında olacağı gözlənilir.
29 yaşlı italiyalı «Roma»da 2002-ci ildən çıxış edir. De Rossi 2006-cı ilin dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı və 2004-cü ilin olimpiya oyunlarının bürünc medalçısıdır.

Xəbər 1199 dəfə oxundu.