Azərbaycan komandası “Team Gym” üzrə Avropa çempionatının finalına yüksəlib
Azərbaycan komandası Portuqaliyada keçirilən “Team Gym” üzrə Avropa çempionatının finalına yüksəlib.

Komandamız təsnifat mərhələsində 43,475 xal toplayıb və finala adlayıb.

Çempionatda ölkəmizi Anar Həsənov, Mənsum Səfərov, Adil Hacızadə, Ağamurad Qəhrəmanov, Elnur Məmmədov, Ramin Dəmirov, Tofiq Əliyev və Rəsul Əhmədzadə təmsil edirlər.

Avropa çempionatında 14 ölkədən 435 idmançı iştirak edir.

“TeamGym” “Avropa Gimnastikası”na aid komanda yarışı növüdür. Qeyri-Olimpiya növü olan “TeamGym”ə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).

Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir.

“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar). Komanda 8-10 gimnastdan ibarət olur. Onların hər biri xalça üzərində çıxışlar nümayiş etdirməlidir. Akrobatika cığırı və trampet üzərində hər bir mərhələdə 6 gimnast iştirak edir. Qarışıq komandalar isə yarısı kişi, yarısı qadınlardan ibarət olur.

Xəbər 320 dəfə oxundu.