Boris Yotov dünya çempionatının finalında!

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və böyüklər arasında davam edən akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Boris Yotov finala yüksəlib. 16 yaşlı avarçəkənimiz yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yarımfinal yürüşündə də uğurla çıxış edib.

Avqustun 18-də baş tutan yürüşdə Yotovun rəqibləri Martin Helset (Norveç), Qanqqanq Li (Çin), Mixal Ploçek (Çexiya), Ceyms Conston (CAR) və Pilip Pavukov (Belarus) olub. Finişə 7 dəqiqə 8,37 saniyəyə çatan təmsilçimiz yalnız Ploçekdən (7:05.06) geri qalıb. Əvəzində avarçəkənimiz Li (7:10.09), Conston (7:13.42), Pavukov (7:19.52) və Helseti (7:25.93) qabaqlayıb. Məhz ilk “3-lüy”ə düşdüyü üçün Yotov finala çıxıb.

Avqustun 19-da Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək həlledici yürüşdə Boris Yotovun rəqibləri Mixal Ploçek (Çexiya), Qanqqanq Li (Çin), eləcə də digər yarımfinal yürüşündə ilk 3 yeri tutmuş Yerney Markoviç (Sloveniya), Morits Moos (Almaniya) və Natan Veqrjiçki-Şimçik (Polşa) olacaq.

Xəbər 2535 dəfə oxundu.