FIDE reytinqi: Şahmatçımız Şəhriyar Məmmədyarov iki pillə irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Dünya reytinqində iki pillə irəliləyən təmsilçimiz Şəhriyar Məmmədyarov (2767 xal) doqquzuncu sırada qərarlaşıb. Digər şahmatçımız Teymur Rəcəbov isə bir pillə geriləyərək 2753 xalla 14-cü sırada qərarlaşıb.

Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2661 xal) 80-ci, Rauf Məmmədov (2656 xal) 86-cı pillədə yer alıblar.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2856 xal) başçılıq edir. İkinci pilləyə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca yüksəlib (2804 xal). Çinli Liren Dinq (2799 xal) isə üçüncü yerdə qərarlaşıb.

Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2470 xalla 26-cı, Gülnar Məmmədova (2387 xal) 71-ci, Xanım Balacayeva (2376 xal) 83-cü pillədə yer alıblar.

Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2604 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.

Xəbər 825 dəfə oxundu.