Növbəti rəqib İsveçdir
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II turuna yekun vurulub. İdman.com.az saytının məlumatına görə, ilk görüşündə Lüksemburq yığmasına 101:78 hesabı ilə qalib gələn Azərbaycan millisi ikinci matçında Bolqarıstanı qəbul edib.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutmuş qarşılaşma Elxan Əliyevin komandası üstünlüyü şəraitində start götürüb. Orxan Aydın, Zaur Paşayev, Fuad Niftəliyev, Rasim Başak və istedadlı legionerimiz Çarls Devisin inamlı oyunu bolqarları elə birinci hissədə “ippon” vəziyyətinə salıb. Onlar basketbolçularımızın sərrast 3 xallıq atışların qarşısında aciz qalıblar.

Üçüncü hissənin sonunda hesab fərqi hətta xeyrimizə (76 - 52) 24 xala yüksəlib. Rəqibin dördüncü hissədə çoxsaylı cəhdlərinə baxmayaraq oyun Azərbaycan millisinin xeyrinə başa çatıb.

Bu qələbədən sonra komandamız turnir cədvəlinin vahid liderinə çevrilib. Aktivində 4 xalı olan yığmamızı 3 xalla Bolqarıstan izləyir. Almaniya və Lüksemburqun hesabında 2 xalı var. Avqustun 21-də qarşılaşacağımız İsveç isə 1 oyun keçirib və həmin matçda da məğlub olub.

Xəbər 1233 dəfə oxundu.