Sumqayıt şəhərində Paralimpiya İdman Mərkəzinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Əziz dostlar,
əziz paralimpiyaçılar!
İlk növbədə, mən sizin hamınızı Paralimpiya İdman Mərkəzinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.
Bu mərkəz imkan verəcək ki, siz istənilən vaxt məşq edəsiniz, burada yarışlar keçirmək mümkündür. Mən xatırlayıram, bir neçə il bundan əvvəl belə bir təklif irəli sürülmüşdür ki, paralimpiyaçılar üçün xüsusi bir idman mərkəzi yaradılsın. Azərbaycanın inkişafı, maddi imkanlarımızın artması nəticəsində indi biz istənilən layihəni həyata keçirə bilərik. Əlbəttə, çalışırıq ki, idmançılar və paralimpiyaçılar üçün bütün lazımi şəraiti yaradaq. Bu gün mənə verilən məlumata görə, bütün MDB məkanında ilk dəfədir ki, paralimpiyaçılar üçün xüsusi və çox yüksək səviyyədə, yüksək dünya standartlarına uyğun şəkildə idman mərkəzi tikilibdir.
Bir də deyirəm ki, mən bu gün bu mərkəzlə tanış olarkən bir daha gördüm ki, məşq etmək, yarışların keçirilməsi üçün burada bütün şərait, bütün imkanlar var. Əminəm ki, siz bu idman mərkəzindən çox səmərəli şəkildə istifadə edəcək və öz hazırlıq səviyyənizi daha da yüksəkdə saxlayacaqsınız.
Bütövlükdə Azərbaycanda idman infrastrukturunun inkişafı üçün çox böyük səylər göstərilir. Ölkəmizin istənilən bölgəsində müasir komplekslər, böyük olimpiya kompleksləri, idman meydançaları tikilir. Azərbaycanda idmanın inkişafı üçün lazımi maddi-texniki baza möhkəmlənir, güclənir və biz bunun nəticələrini idmançılarımızın uğurlu çıxışlarında, beynəlxalq yarışlarda əldə etdiyimiz qələbələrdə, xüsusilə çox gərgin şəkildə keçməsinə baxmayaraq, Olimpiya oyunlarında görürük. Olimpiya oyunları dünyanın ən birinci idman yarışıdır və bizim idmançılarımız çox böyük uğurlar qazanmışlar, Vətənə qələbələrlə, medallarla qayıtmışlar.
Siz də öz həyatınızı idmana həsr etmisiniz. Sizin həyatınızda idman çox böyük bir yer tutur. Mən çox şadam ki, biz Azərbaycanda belə gözəl mərkəzin yaranmasına nail ola bilmişik.
Əlbəttə ki, idman həyatı asan deyil. İdmanda yüksək nəticə əldə etmək üçün çox böyük işlər görülməlidir və idmançılar öz həyatını idmana, məşqlərə həsr edirlər. Sizin üçün bu, bəlkə də, ikiqat ağırdır. Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır.
Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir.
Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya oyunlarında nəticələrimiz də hər dəfə daha da böyük olur. Keçən dəfə, Afinada Paralimpiya oyunlarında dörd medal qazanılmışdır. Onlardan ikisi qızıl, biri gümüş, biri bürünc medal idi. Yəni bu, böyük göstəricidir, böyük nailiyyətdir və biz buna çox sevinirik.
Hamımız yaxşı bilirik ki, Olimpiya oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir. Paralimpiya oyunları, təbii ki, Olimpiya oyunlarının bir növ kölgəsində qalır. Ancaq biz elə etməliyik ki, bu oyunlara da diqqət azalmasın və dövlət, idmanın inkişafına cavabdehlik daşıyan qurumlar və şəxslər Azərbaycanda paralimpiya hərəkatının inkişafı üçün öz səylərini davam etdirməlidirlər.
Biz bu barədə çox danışa bilərik, amma ən yaxşı sözlərdən daha yaxşı bizim gördüyümüz işlərdir və bu gözəl paralimpiya kompleksinin timsalında biz Azərbaycanda son illər ərzində bu sahədəki işlərin nəticəsini də görürük.
Mən əminəm ki, siz bu kompleksdən Pekin Paralimpiya Oyunlarına hazırlıq baxımından da səmərəli şəkildə istifadə edəcəksiniz, baxmayaraq ki, artıq bir neçə gündən sonra siz yola düşəcəksiniz. Əminəm ki, sonrakı dörd illik dövr ərzində peşəkarlığınızı yüksək səviyyədə saxlamaq üçün burada bütün imkanlar var, bütün şərait var.
Onu da demək istəyirəm ki, Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Keçən dəfə biz bunu etdik. İndi isə bu gün mən Sərəncam imzalamışam və Sərəncama əsasən Paralimpiya oyunlarında yüksək nəticələr qazanan idmançılara pul mükafatı veriləcəkdir. Birinci yer üçün 200 min manat, ikinci yer üçün 100 min manat, üçüncü yer üçün isə 50 min manat vəsait veriləcəkdir. Mən hesab etmirəm ki, bu, böyük bir stimuldur. Ancaq bu, sizin fəaliyyətinizə dövlət tərəfindən verilən qiymətdir və əminəm ki, ədalətli bir qərardır.
Sizin hamınızı bu gözəl idman mərkəzinin açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı və Pekində uğurlar, qələbələr arzulayıram.

X X X

Pauerliftinq üzrə yığma komandanın baş məşqçisi, əməkdar məşqçi VAQİF MÜSƏDDİQ görüşdə çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident,
Azərbaycan paralimpiyaçıları onlara hədiyyə etdiyiniz bu gözəl kompleksə görə Sizə öz minnətdarlığını bildirirlər.
Bu gün tarixi bir gündür. Ona görə ki, Sizin qeyd etdiyiniz kimi, MDB dövlətləri arasında bu, paralimpiyaçılar üçün tikilmiş birinci kompleksdir. Tarixi gündür ona görə ki, bu işlərlə əlaqədar ulu öndərimizin fikir və arzusu həyata keçmişdir.
Cənab Prezident, 2000-ci ilin oktyabr ayı Sizin xatirinizdədir. Biz Sidney Paralimpiya Oyunlarından qayıdandan sonra ulu öndərimiz bizi qəbul etdi. Həmin qəbulda mənə də söz verilmişdi. Mən çıxışımın sonunda bütün paralimpiyaçılar adından ulu öndərimizdən xahiş etdim ki, bizim üçün də bir idman kompleksi inşa olunsun. Ulu öndərimiz bu xahişimizə müsbət fikrini bildirdi və dərhal öz göstərişlərini verdi. Budur, indi biz bunun bəhrəsini görürük.
Bu paralimpiya bazası dahi insanın fikir və arzularının reallaşmasının baris nümunəsidir. Ona görə də biz inanırıq ki, ulu öndərimizin ölkəmizlə bağlı, xalqımızla bağlı bütün fikir və arzuları Sizin rəhbərliyiniz altında indiyə kimi pillə-pillə necə reallaşıbsa, sabah da reallaşacaqdır.
Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə bütün paralimpiyaçılar Sizə bir daha öz dərin minnətdarlığını bildirirlər.
Bir məsələyə də toxunmaq istərdim. Sizin 2008-ci il 5 fevral tarixli Sərəncamınızla paralimpiyaçı rəhbərlərə, idmançı və məşqçilərə fəxri adlar və medallar verilmişdi. Buna görə çox sağ olun. Biz söz veririk ki, Pekin Paralimpiya Oyunlarında əlimizdən gələni əsirgəməyəcək, uğurla çıxış edəcək və ölkəmizə mümkün qədər çoxlu medallar gətirəcəyik.
Möhtərəm cənab Prezident, biz həmişə sizinləyik. Çox sağ olun.

X X X

Sonra Afina Paralimpiya Oyunlarının cüdo üzrə qalibi, yığma komandanın kapitanı İLHAM ZƏKİYEV çıxış etdi:
- Möhtərəm Prezident,
paralimpiyaçıların əziz və sevimli dostu!
1999-cu ildə Qarabağda düşmən snayperinin gülləsindən başımdan aldığım ağır yara nəticəsində görmə qabiliyyətimi tamam itirdim. Yaşamağa ümid tükəndiyi bir vaxtda milli Paralimpiya Komitəsi Allahın izni ilə mənim köməyimə çatdı. Əvvəllər cüdo ilə məşğul olmağım, sözün əsl mənasında, məni yenidən həyata qaytardı. Məndə özümə inam və qələbə əzmi yarandı və iştirak etdiyim ilk Paralimpiya oyunlarından - Afinadan vətənə qızıl medalla döndüm. Bundan sonra mən dünya və ikiqat Avropa çempionu oldum.
Ötən dörd il komanda yoldaşlarım üçün də çox uğurlu oldu. Cənab Prezident, Sizin Paralimpiya Komitəsinə, paralimpiya hərəkatına göstərdiyiniz diqqət və qayğı olmasaydı, nə mən, nə də komanda yoldaşlarım bu qələbələri əldə edə bilməzdik. Şəxsən mən Sizin diqqət və qayğınızı həmişə hiss etmişəm. 2005-ci ildə Sizin tapşırığınızla məni İsrailə müayinəyə göndərdilər. Həmin ildə mən el adət-ənənəsi ilə toy elədim. Toyda da mən Sizin diqqətinizi hiss etdim. Mənə “QAZ-31” markalı maşın hədiyyə etdiniz. Fürsətdən istifadə edib, Sizə təşəkkürümü bildirirəm.
Cənab Prezident, Sizin xeyir-duanızla, inşallah, biz Pekin Paralimpiya Oyunlarına yola düşürük. Bu Oyunlarda Azərbaycanın bayrağını dalğalandırmaq şərəfi komandanın kapitanı kimi mənə həvalə olunubdur. Mən çalışacağam ki, bu etimadı Pekində qazandığım növbəti qələbəmlə doğruldum.
Çox sağ olun.

X X X

Prezident İLHAM ƏLİYEV idmançılara bir daha uğurlar arzulayaraq dedi:
- Sağ olun, xoş sözlərə görə təşəkkür edirəm. Bilin ki, mən həmişə sizinləyəm, həmişə sizinlə olacağam.
Mən xatırlayıram ki, o vaxt, 8 il bundan əvvəl ulu öndər Heydər Əliyevə müraciət edilmişdi və çox şadam ki, bu gün biz o müraciətin nəticəsini görürük. Doğrudan da verilən o qərar və artan imkanlarımız bizim üçün bu şəraiti yaradır. Biz də çalışırıq ki, Azərbaycanın ümumi uğurlu inkişafının bəhrəsini hər bir vətəndaş görsün, hər bir insan görsün. Bunu etmək üçün müxtəlif sosial proqramlar icra olunur, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə də böyük işlər görülür. Bu kompleksin tikintisində onların böyük zəhməti, rolu olubdur.
İnsanların yaxşı yaşaması, maaşların, pensiyaların, sosial müavinətlərin artırılması üçün son illər ərzində çox böyük işlər görülübdür. İndi təxminən 500 minə qədər insan dövlət tərəfindən sosial yardım alır. Əvvəlki illərdə bunu biz böyük miqdarda edə bilmirdik, halbuki, həmişə buna böyük ehtiyac var idi. Bu gün isə bizim imkanlarımız var. Uğurlu iqtisadi siyasət, aparılan islahatlar nəticəsində bizim maddi imkanlarımız son beş il ərzində 10 dəfədən çox artıbdır. Ən önəmlisi odur ki, biz bu imkanlardan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün istifadə edirik. Ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin qaldırılması çox vacibdir. Düzdür, yoxsulluq şəraitində yaşayanların sayı son illər ərzində böyük dərəcədə azalıbdır. Ancaq yenə də var. Vətəndaşlarımızın 16 faizi yoxsulluq şəraitində yaşayır. Görülən tədbirlər nəticəsində hər il bu rəqəm azalır. Ümid edirəm ki, gün gələcək, Azərbaycanda yoxsul adam olmayacaqdır. Yəni dövlət qayğısı bütün insanlara göstərilməlidir.
Azərbaycan güclü iqtisadi imkanlara malikdir. Biz bazar iqtisadiyyatı prinsipləri əsasında işləyirik. Ancaq güclü sosial siyasət həmişə olmalıdır. Bunun müxtəlif yolları var. Bayaq qeyd etdiyim kimi, həm maaşların, pensiyaların, sosial müavinətlərin artırılması, həm də ki, güclü sosial infrastrukturun yaranması. Bu kompleks həm idman infrastrukturudur, həm də sosial infrastrukturdur. Yəni Azərbaycanın dövlət siyasətinin bu iki vacib istiqamətini özündə birləşdirir.
Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun.
Mən sizə bir də demək istəyirəm ki, həmişə olduğu kimi, biz birlikdə olacağıq, hər bir Azərbaycan vətəndaşı kimi, mən də sizin bütün uğurlarınıza sevinirəm və sizin üçün daha yaxşı şəraitin yaradılması üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Əminəm ki, Pekindən qayıdandan sonra biz sizin qələbələrinizi birlikdə qeyd edəcəyik.

X X X

Sonda Paralimpiya yığma komandasının üzvləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.
Prezident İlham Əliyev beynəlxalq yarışların, zona yarışlarının və təlim-məşq toplanışlarının iştirakçıları üçün kompleksin ərazisində inşası nəzərdə tutulan mehmanxananın konseptual layihəsi ilə də tanış oldu. Ümumi sahəsi 1120 kvadratmetr olacaq ikimərtəbəli mehmanxanada 30 otaq tikiləcəkdir.

Xəbər 3896 dəfə oxundu.