Oğlanlar arasında ikili minibatut üzrə finalçılar müəyyənləşib
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında oğlanlar arasında ikili minibatut üzrə finalçılar müəyyənləşib.

13-14 yaş qrupunda təsnifat yarışında uğurla çıxış edən rusiyalı atletlər Lev Busarev, Qeorqiy Yakovenko, Matvey Belov, ABŞ gimnastları Kay Louson, Mika Mayner, Nataniel Erkert, portuqaliyalı Françisko Joze və isveçrəli Noel Sorstrom finalda mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri Əli Niftəliyev yarışı 12-ci, Mehdi Əliyev isə 16-cı pillədə başa vurublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Noyabrın 28-dək Milli Gimnastika Arenasında davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 293 dəfə oxundu.