Azərbaycanlı cütlük Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarının finalına vəsiqə qazanıb
Azərbaycanlı cütlük Maqsud Maqsudov və Nicat Mirzəyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.

13-14 yaşlı gimnastlar arasında batut üzərində sinxron tullanış yarışlarının təsnifat mərhələsində cütlüyümüz 48,460 xalla birinci olub və həlledici mərhələyə adlayıb.

Azərbaycan komandası ilə yanaşı, finalda Rusiya, Rusiya-2, Bolqarıstan, ABŞ, Böyük Britaniya, Almaniya və Belçika kollektivləri mübarizə aparacaqlar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 490 dəfə oxundu.