Azərbaycan gimnastı Tofiq Əliyev dünya yaş qrupları yarışlarının finalına yüksəlib
Azərbaycan gimnastı Tofiq Əliyev Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının finalına yüksəlib.

17-21 yaş kateqoriyasında mübarizə aparan tamblinqçimiz təsnifat mərhələsində iki çıxışına görə, hakimlərdən 69,800 xal alıb və təsnifat mərhələsini birinci pillədə başa vurub.

T.Əliyev ilə yanaşı finalda, ABŞ təmsilçiləri Dominik Dumas, Aleks Balinbin, Böyük Britaniya idmançıları Markus Adams, İssak Bennison, Aleksandr Flann, danimarkalı Mads Hansen və Rusiya gimnastı İqor Şikunov mübarizə aparacaqlar.

Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 309 dəfə oxundu.