Bakıda keçiriləcək 28-ci dünya yaş qrupları yarışlarında 32 ölkədən 621 gimnast iştirak edəcək
Milli Gimnastika Arenasının bu il ev sahibliyi edəcəyi sonuncu turnir batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışları olacaq. Bakıda ilk dəfə keçirilən bu növ üzrə dünya çempionatından sonra Milli Gimnastika Arenasında gələcəyin batut ulduzları mükafatçılar sırasında yer almaq uğrunda mübarizə aparacaqlar.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, noyabrın 25-28-də təşkil olunacaq yarışda, ilkin qeydiyyat siyahısına əsasən, 32 ölkədən 621 idmançı iştirak edəcək. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 586 dəfə oxundu.