Dünyanın idman siyasətində aparıcı rol oynayan beynəlxalq təşkilat
Dünyada idman siyasətinə istiqamət verən, idman növünün fənn kimi beynəlxalq aləmdə tanınmasını təmin edən, inkişaf etməkdə olan idman təşkilatlarının standartlarını müəyyənləşdirən, müvafiq təşkilatlar arasında əməkdaşlığı inkişaf etdirən qurumlardan biri də Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyasıdır (Global Association of International Sports Federations - GAISF). İdman siyasətinin məqsəd və hədəflərini müəyyənləşdirən təşkilatlardan biri kimi, dünyada idmanın inkişafına töhfə verən GAISF idmanın müxtəlif növləri üzrə beynəlxalq federasiyaları (Olimpiya Oyunlarının proqramına daxil olan və daxil olmayan), multi-idman oyunlarının komitələrini və müxtəlif idman təşkilatlarını özündə birləşdirir.

Bu fikirləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin əməkdaşı Pərvin Mehdiyev son zamanlar dünyanın idman siyasətini istiqamətləndirən GAISF barədə danışarkən deyib.

Təşkilatın Beynəlxalq İdman Federasiyalarının Baş Assambleyası adı ilə yaradıldığını vurğulayan P.Mehdiyev hazırda qurumun 115 üzvündən 95–nin tam üzvlüyə malik olduğunu deyib: “1967-ci ildə İsveçrənin Lozanna şəhərində 26 beynəlxalq idman federasiyasının iştirakı ilə yaradılan, daha sonra - 1976-cı ildə Lozannadan Monakoya köçürülən idman qurumu həmin vaxtdan Beynəlxalq İdman Federasiyalarının Baş Assosiasiyası adlandırılıb. 2009-cu ilin martında Denverdə keçirilən 7-ci beynəlxalq görüşdə təşkilatın adı yenidən dəyişdirilərək “Sport-Akkord” adlandırılıb və qərargah yenidən Lozannaya qaytarılıb. 2017-ci ilin aprelində Danimarkanın Orxus şəhərində keçirilən növbəti ümumi yığıncaqda qurumun adı sonuncu dəfə dəyişdirilib və bu dəfə Beynəlxalq İdman Federasiyalarının Qlobal Assosiasiyası adlandırılaraq, GAISF orijinal abreviaturasının bərpa edilməsi qərara alınıb. Hazırda qurumun 115 üzvündən 95–i tam üzvlük hüququna malikdir. Assosiasiyanın idarəetmə orqanı üzvləri dörd il müddətinə seçilən İcraiyyə Komitəsidir. Hazırda təşkilatın prezidenti Beynəlxalq Motorlu Qayıqlar İdmanı Birliyinin prezidenti Rafael Kyullidir”.

Pərvin Mehdiyev qeyd edib ki, Assosiasiyaya üzv olan idman federasiyalarının təşəbbüsü ilə mütəmadi olaraq multi-idman tədbirlərinin keçirilməsi qərara alınıb və bu iş uğurla davam edir. Belə ki, Dünya Döyüş Oyunları (World Combat Games) 2010-cu, Dünya Zəka Oyunları (World Mind Games) 2011-ci, Dünya Çimərlik Oyunları (World Beach Games) 2013-cü ildən keçirilir. O cümlədən Dünya Biznes və İdman Sammiti (International Convention) ASOIF (Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası) və AIOWF (Beynəlxalq Yay Olimpiya Federasiyaları Assosiasiyası) ilə birlikdə 2013-cü ildən, Dünya Şəhər Oyunları (World Urban Games) isə 2019-cu ildən etibarən uğurla təşkil edilir. Bu tədbirlərin proqramına daxil edilən idman növləri dünya idmanının prioritetlərinin hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirir. Bu da dünya dövlətlərinin yeni reallığa əsaslanaraq regional təbii imkan və şəraitinə uyğun öz idman siyasətlərinə yenidən baxmasına imkan yaradır.

Azərbaycan millisi həmin yarışlardan 2010-cu il avqustun 28-dən sentyabrın 4-dək Pekində təşkil edilən “World Kombat Games” adlı döyüş növləri üzrə 1-ci dünya oyunlarında iştirak edərək 3 qızıl, 1 bürünc, 2013-cü il oktyabrın 18-26-da Sankt-Peterburqda keçirilən II dünya oyunlarında isə 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb.

2019-cu il oktyabrın 12-16-da Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında isə komandamız 5 medal (4 gümüş, 1 bürünc) qazanıb. Onu da qeyd edək ki, idmançılarımız bu yarışda ilk dəfə iştirak ediblər.

Göründüyü kimi, ölkələrin təbii şəraiti nəzərə alınmaqla məqsəd və hədəflərindən yaranan milli strateji planlar çağdaş tələblərlə ahəngdarlıq təşkil etdiyi halda dövlətin beynəlxalq arenalarda yüksək nəticələr əldə etməsi mümkündür. Ölkəmiz də bu tendensiyalardan kənarda qalmır, müasir idman çağırışlarını milli maraqlarına uyğun dəyərləndirir.

AZƏRTAC

Xəbər 311 dəfə oxundu.