Azərbaycanın kişi qılıncoynadanları İsveçrədə keçirilən dünya kuboku turnirində iştirak ediblər
Azərbaycanın kişi şpaqaçılardan ibarət milli komandasının üzvləri İsveçrənin Bern şəhərində keçirilən dünya kuboku turnirində çıxışını başa vurub.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini dörd qələbə ilə başa vuran Fərrux Səfərov 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Lukas Malkottini 15:9 hesabı ilə məğlub edib. F.Səfərov növbəti görüşündə ABŞ şpaqaçısı Alen Hadziçə 10:15 hesabı ilə uduzub.

Qrupda iki qələbəsi olan Ruslan Həsənov pley-offda keçirilən ilk görüşdə isveçrəli İan Hauriyə 15:11 hesabı ilə qalib gəlsə də, 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə amerikalı idmançı Dilan Nollnerə 10:15 hesabı ilə məğlub olub.

Qrupda iki qalibiyyəti olan Xalid Əliyev pley-offda rusiyalı şpaqaçı Nikita Qlazkova 6:15 hesabı ilə uduzub.

Qrupu bir qələbə ilə başa vuran Barat Quliyev pley-offa yüksələ bilməyib.

Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov, Barat Quliyev, Fərrux Səfərov və Xalid Əliyevdən ibarət seçmə kollektiv ən güclü 16 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikasına 37:38 hesabı ilə məğlub olub.

Xəbər 312 dəfə oxundu.