Azərbaycan Qılıncoynatma Federasiyasının yeni prezidenti seçilib
Noyabrın 20-də Gənclər və İdman Nazirliyində Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

İclasda gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov gündəlikdə duran məsələlərdən danışıb, iclas iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov dörd il əvvəl bu vəzifədə ona göstərilən etimada görə federasiyanın üzvlərinə təşəkkürünü bildirib və ötən illərdə görülən işlər barədə məlumat verib. M.Cabbarov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyi ilə idmanın bu növü üzrə mühüm irəliləyişə nail olunduğunu vurğulayıb. Federasiya prezidenti mühüm nəticələrin qazanılmasında və idmanın bu növünün ölkəmizdə populyarlaşmasında Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin rolunu xüsusi vurğulayıb. O, milli komandamızın üzvü Anna Baştanın 23 yaşadək sablyaçılar arasında Avropa çempionluğunu, idmançımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirakı, sablyaçımız Zərifə Hüseynovanın, şpaqaçımız Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanmalarını, idmanın bu növünün kütləviliyinin artırılması istiqamətində atılan addımlar, yeni qılıncoynatma zallarının istifadəyə verilməsi və əldə olunan nailiyyətləri son dörd ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. M.Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu dörd il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi fəaliyyətini davam etdirəcəklər. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvlüyünə isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov seçiliblər.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Xəbər 421 dəfə oxundu.