Azərbaycan tamblinqçisi Mixail Malkin dünya çempionatının finalına yüksəlib
Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda təşkil olunan dünya çempionatının finalına yüksəlib.

Ümumi siyahıda ilk səkkiz pillədə qərarlaşan idmançılar həlledici mərhələyə adlayıblar. Təmsilçimiz 75,200 xalla təsnifat mərhələsini üçüncü pillədə başa vurub.

M.Malkin ilə yanaşı, finalda Rusiya Gimnastika Federasiyasının nümayəndələri Aleksandr Lisitsin, Vadim Afanasev, ABŞ təmsilçisi Kaden Braun, Böyük Britaniya gimnastları Uilliam Koven, Kristof Uilerton, danimarkalı Martin Abildqaard və Adam Matthiesen mübarizə aparacaqlar.

Həlledici mərhələ noyabrın 21-də təşkil olunacaq.

Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilk iki günündə təsnifat, son iki günündə isə finallar keçiriləcək. Qaydalara əsasən, hər iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Xəbər 303 dəfə oxundu.