Prezident İlham Əliyev Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanovu qəbul edib.
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov Azərbaycanda idmana, o cümlədən Qılıncoynatma Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, əminliklə qeyd etdi ki, bu idman növü üzrə yaxşı ənənələrə malik olan Azərbaycanda dövlət səviyyəsində göstərilən qayğının nəticəsində idmançılarımız yeni uğurlar qazanacaqlar.
Dövlətimizin başçısı qılıncoynatma üzrə gənclər və yeniyetmələr arasında dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətinə toxunaraq Beynəlxalq Qılıncoynatma Federasiyasının və onun prezidentinin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdi. Azərbaycanda ümumilikdə idmanın və onun ayrı-ayrı növlərinin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığının daha da genişlənməsi və ölkəmizdə qılıncoynatma idman növünün sürətlə inkişafı işinə təkan verəcəyinə əminliyini ifadə etdi.

AzərTAc
02.04.2010

Xəbər 1948 dəfə oxundu.