AFFA rəhbərliyi Tərlan Əhmədovu təbrik edib
Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, 1990-cı ildə SSRİ U-19 yığmasının heyətində Avropa çempionu adını qazanmış, “Neftçi”, “Turan”, “Qarabağ”, “Karvan”, “Şəfa”, “Olimpik-Şüvəlan”, “Terek” (Rusiya), “Anji” (Rusiya), “Fakel” (Rusiya), “Volın” (Ukrayna) və başqa klubların heyətində çıxış etmiş, Azərbaycan milli komandasında 75 oyun keçirmiş, 1999-cu ildən 2005-ci ilə qədər millimizin kapitanı olmuş Tərlan Əhmədovun bu gün 50 yaşı tamam olur.

Əlamətdar yubiley münasibətilə bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov T.Əhmədovla görüşüb, AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından onu təbrik edib, xoş arzularını çatdırıb. Yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.

Tərlan Əhmədov göstərilən diqqətə görə AFFA-ya minnətdarlığını bildirib.

Xəbər 325 dəfə oxundu.