Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş beynəlxalq futvolley turniri keçirilib
Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş beynəlxalq futvolley turniri keçirilib. Turnir “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü, Dünya Futvolley Federasiyasının razılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Alanyada təşkil olunub.

Yarışın açılış mərasimində çıxış edən Azərbaycan FutNet Federasiyasının rəsmiləri, “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin rəhbərliyi və idmançılar xalqımıza Qələbə sevinci bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlıq edib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad ediblər.

“Qarabağ Zəfər Kuboku” adı altında keçirilən və İkinci Qarabağ müharibəsində qazanılan Qələbəyə həsr olunan beynəlxalq turnirdə iştirakçı komandalar yarışa üzərində Xarıbülbül simvolu və “Qarabağ Azərbaycandır!” şüarı yazılmış formalarla çıxıblar.

Turnirdə mükafat uğrunda Azərbaycan, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa, İspaniya, Portuqaliya və Niderland futvolleyçiləri mübarizə aparıblar. Yarışın qalibi İsrail millisi olub. İspaniya komandası ikinci, ukraynalı futvolleyçilər isə üçüncü yeri tutublar.

Xəbər 304 dəfə oxundu.