Kikboksinq üzrə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət milli komandası Avropa birinciliyində uğurla çıxış edib
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) gənclər və yeniyetmələrdən ibarət milli komandası Monteneqronun Budva şəhərində keçirilən WAKO versiyası üzrə Avropa birinciliyində uğurla çıxış edib.

Komandamız yarışda 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb. Belə ki, qızıl medallara gənclər arasında Nihad Tağızadə (51 kq), yeniyetmələrin yarışında isə Ramal Zeynallı (42 kq), Elnur Mustafayev (51 kq), Amin Quliyev (57 kq) və Akif Quluzadə (54 kq) layiq görülüblər.

Gümüş medalları komandamızın aktivinə gənclərin turnirində İlkin Abbasov (54 kq), yeniyetmələr arasında isə Murad Gəncəliyev (42 kq), Elvin Məmmədov (51 kq), Özləm Həsənova, Emili Rzayeva (hər ikisi +60 kq) yazdırıblar.

Gənclər arasında Qəşəm Məmmədov (67 kq), Fatimə Şükürlü (65 kq), Elcan Tanırverdiyev (54 kq), Xəyal Astanov (86 kq), yeniyetmələrin turnirində isə Allahverdi Dəmirov (45 kq), Rafiq Babazadə (48 kq), Əli Cəfərov (54 kq) üçüncü yeri tutublar.

Turnirdə iştirak edən 25 idmançıdan 17-si Vətənə medalla qayıdıb. AKF-nin prezidenti Orxan Əliyevin rəhbərliyi altında ölkəmizi qitə birinciliyində təmsil edən komandanın heyətində rəsmilərdən federasiyanın birinci vitse-prezidenti Ramal Aslanov, vitse-prezident Ədalət Kazımov, baş katib və milli komandanın rəisi Sadıx Bağırov yer alıblar.

Məşqçilər heyətində isə gənclər və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev, məşqçilər Eduard Məmmədov, Fuad Zeynalov, Ayaz Mehtiyev və Əli Cəfərov təmsil olunublar.

Bundan əlavə, Avropa birinciliyində komandanın tərkibində beynəlxalq kateqoriyalı hakimlər WAKO A üzrə Aydın Ağabəyov və WAKO B-də Anar Məmmədov yarışda yüksək hakimlik bacarıqları nümayiş etdiriblər.


Xəbər 306 dəfə oxundu.