Azərbaycanın yeniyetmə qılıncoynadanı Türkiyədə bürünc medala sahib olub | |
Azərbaycanın qılıncoynatma üzrə yeniyetmə qız sablyaçılardan ibarət milli komandası İstanbulda keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində iştirak edib. Təmsilçilərimizdən dünya birinciliyinin mükafatçısı Zərifə Hüseynova şəxsi yarışlarda bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Z.Hüseynova pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü 8-liyə yüksəlib. Burada türkiyəli sablyaçı Gökce Sena Üstünə 10:15 hesabı ilə uduzan qılıncoynadanımız 100-dən çox idmançının qatıldığı yarışda bürünc medala layiq görülüb. Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü 64-lüyə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb. Sablya üzrə yeniyetmə qızların komanda yarışında ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci kollektivinə 41:45 hesabı ilə məğlub olub. Sablyaçılarımız 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə uduzublar. Turnirdə görüşləri idarə edən hakimlər arasında gənc hakimimiz Cavanşir Ağakişiyev də olub. |
|
Xəbər 307 dəfə oxundu. |
|
|