Azərbaycan və Qətər yığmalarının start heyətləri açıqlanıb
Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda gücünü sınayacaq. Millimiz Bakı Olimpiya Stadionunda Qətər yığması ilə qarşılaşacaq.

Saat 21:00-da başlayacaq oyun üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxacaqlar.

Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.

Komandalar indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. Dörd il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. Bu qarşılaşmalarda 119 qol vuran yığma qapısında 163 top görüb.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Xəbər 289 dəfə oxundu.