Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda gücünü sınayacaq
Noyabrın 14-də futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda gücünü sınayacaq.

Millimiz Bakı Olimpiya Stadionunda Qətər yığması ilə qarşılaşacaq. Saat 21:00-da başlayacaq oyunu litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olacaq.

Komandalar indiyədək üç dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. Dörd il sonra eyni şəhərdə keçirilmiş ikinci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. Bu qarşılaşmalarda 119 qol vuran yığma komandamız qapısında 163 top görüb.

Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Xəbər 393 dəfə oxundu.