Məktəbli idmançılarımızın uğurları şagirdlər arasında idmanın təbliği və kütləviləşdirilməsi yolunda böyük stimuldur
Hazırda bütün dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə də yaratdığı çətinliklərə baxmayaraq uşaqların idmandan ayrılmaması, hazırlıqlarını davam etdirməsi üçün Azərbaycan Məktəb İdmanları Federasiyası (AMIF) müvafiq qurumlarla birgə bir sıra tədbirlər həyata keçirir. Belə ki, bu tədbir və yarışlar 2021-ci il ərzində COVID-19 pandemiya ilə əlaqədar olaraq, Nazirlər Kabineti yanında Operativ qərargahından alınan rəsmi icazələr əsasında, həmçinin sosial izolyasiya qaydaları haqqında təlimatlara ciddi riayət olunmaqla baş tutur. İdman yarışlarında iştirak edən uşaqlar bilik və bacarıqlarını, təcrübələrini zənginləşdirməklə yanaşı, həm asudə vaxtlarını səmərəli keçirir, həm də sağlamlıqlarının qeydinə qalırlar.

Bu sözləri müsahibəsində AMIF-in baş katibi Pərvin Mehdiyev deyib.

O, qeyd edib ki, təşkilatın respublika əhəmiyyətli ən böyük yarışı may-iyun aylarında təşkil edilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri olub. Turnir çərçivəsində voleybol, mini futbol və basketbol yarışları təşkil edilib. Turnirdə, ümumilikdə 76 rayon və şəhər üzrə 2 min 356 məktəbli iştirak edib.

P.Mehdiyev ötən aylar ərzində respublikamızın ayrı-ayrı rayon və şəhərlərində keçirilən turnirlərdə məktəblilərin böyük maraqla iştirak etdiklərini bildirib: “Uşaqlar arasında idmanın geniş yayılması üçün yarışların mütəmadi təşkili mühüm rol oynayır. Belə yarışların minlərlə məktəbli idmançının öz hazırlığını artırması baxımından böyük rol oynayır. Ötən aylar ərzində keçirilmiş İsmayıllı Olimpiya İdman Kompleksində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş karate-do, Bakıdakı 132-134 nömrəli təhsil kompleksində Vətən müharibəsi şəhidləri Nicat Tarverdiyev, Yusif Budaqov, Fərid Əliyevin xatirəsinə həsr olunmuş şahmat, “Qusar Open 2021” açıq şahmat turnirləri, Lənkəran Olimpiya İdman Kompleksində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Dəmir Yumruq” karate-do üzrə birinci açıq ölkə turnirini, Bakı İdman Sarayında isə “Dəmir Yumruq” karate-do üzrə ikinci açıq ölkə turnirini, “Təhsil” RİM 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil edilən mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat turnirini xüsusi qeyd etmək olar. Bu cür yarışlar uşaqlar arasında idman növlərinin geniş yayılması baxımından da böyük əhəmiyyət kəsb edir”.

P.Mehdiyev bu il məktəbli idmançıların beynəlxalq arenalarda keçirilən yarışlarda da ölkəmizi layiqincə təmsil etdiklərini vurğulayıb. O, bildirib ki, sentyabrda Serbiyanın paytaxtı Belqradda ilk dəfə təşkil edilən 15 yaşadək məktəblilər arasında keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında Azərbaycan komandası da 4 idman növü (taekvondo, karate, cüdo və sərbəst güləş) üzrə 44 nəfərlik nümayəndə heyəti ilə qatılıb və yarışda 20 medal (taekvondo üzrə 1 qızıl,1 gümüş, 1 bürünc medal, karate üzrə 1 qızıl 3 gümüş və 2 bürünc medal, cüdo üzrə 3 bürünc medal və sərbəst güləş üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medal) qazanıb. Baş katib məktəbli idmançılarımızın əldə etdiyi bu böyük uğurun məktəblər arasında idmanın təbliği və kütləviləşdirilməsi yolunda çox böyük stimul olduğunu vurğulayıb.

Baş katib gələcəkdə təşkil ediləcək yarışlardan danışıb. O, növbəti il üçün müvafiq qurumlarla birgə müxtəlif idman növləri üzrə respublika çempionatlarının keçirilməsinin planlaşdırıldığını və bu yarışların beynəlxalq turnirlərə seçim xarakteri daşıyacağını vurğulayıb: “Beynəlxalq arenalarda keçirilən yarışlarda ölkəmizi və oxuduğu məktəbi təmsil edən idmançılarımızın iştirakı orta məktəblərdə bədən tərbiyəsi və idmanın daha da kütləviləşməsinə təkan verəcək”.

AZƏRTAC

Xəbər 306 dəfə oxundu.