Şahmatçılarımız Avropa çempionatında mübarizəyə başlayırlar
Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürür.

Qadınlar və kişilərdən ibarət komandalarımızın iştirak etdiyi yarışda bu gün birinci turun oyunları keçiriləcək.

Birinci turda kişi şahmatçılarımız İtaliya, qadın təmsilçilərimiz isə Türkiyə komandaları ilə mübarizə aparacaqlar.

Kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edirlər. Qadınlar arasında turnirdə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 30 komanda çıxış edəcək.

Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.

Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 600 dəfə oxundu.