Azərbaycan samboçuları dünya çempionatında mübarizəyə başlayırlar
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə idman və döyüş sambosu üzrə dünya çempionatı start götürür.

Turnirdə ölkəmizi 5 idmançı təmsil edir. Belə ki, yığma komandamızın üzvlərindən Eyvaz Baxşiyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) nüfuzlu yarışın mükafatları uğrunda mübarizə aparacaqlar.

Bu gün təmsilçilərimiz E.Baxşıyev qırğızıstanlı Azat Amanbekov ilə, M.Seyidəliyev monqolustanlı Erdenemygmar Bekhjee ilə ilk qarşılaşmalarını keçirəcəklər.

Turnirin mükafat fondu 230 min ABŞ dolları təşkil edəcək. Belə ki, birinci yerin sahibi 4, ikinci yeri tutan 3, üçüncü yerdə qərarlaşan samboçu isə 2 min ABŞ dolları alacaq.

Yarışda 50 ölkədən samboçular iştirak edirlər. Turnir noyabrın 14-dək davam edəcək.

Xəbər 457 dəfə oxundu.