“Unutma, YAŞAT!” və “Qürurla irəli!”
Gənclər və İdman Nazirliyi ardıcıl iki gün - “8 Noyabr - Zəfər Günü” və “9 Noyabr - Dövlət Bayrağı Günü”nü məhz yuxarıdakı şüarlarla kütləvi tədbirlər reallaşdırdı.

Hər iki nəcib təşəbbüsün məqsədi də, məramı da Vətən naminə idi: kütləvilik, sağlamlıq, qalib xalq ruhunu “YAŞAT”maq idi. Çünki, Zəfər Gününü qürurla qeyd ediriksə, bu hissləri bizə qanı, canı bahasına yaşadan qəhrəmanlarımızın ailələri daim diqqətə layiqdirlər.

64 komandanın tərkibində 768 nəfərin şəhidlərimizin xatirəsini yad edərək, yaşıl meydana çıxması və hər komandanın “YAŞAT” Fonduna 250 manat ianə etməsi nazirliyin uğurlu layihəsi olaraq böyük rəğbətlə qarşılandı.

Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Ağdamda, Zəngilanda və Qubadlıda yüksəlişini qürurla izlədiyimiz bayrağımızın Günü olan 9 noyabrda isə “Qürurla irəli” deyib Qələbə qaçışı təşkil edildi. Bu dəfə də nazirliyin çağırışına səs verən 1246 nəfərin “YAŞAT” Fonduna ianə etməsi, birlik, həmrəylik nümayiş etdirərək 5000 metr məsafəyə qaçması və yekunda yaşanan bayram ab-havası Gənclər və İdman Nazirliyinin ardıcıl ikinci layihəsinin də uğurla yekunlaşmasının göstəricisi oldu. Əslində yekunlaşmadı, hər il ənənəvi olmasının əsası qoyuldu.

Qələbə qaçışının əhalinin bütün qrupları, xüsusən də gənclər və idmançılar tərəfindən böyük maraqla qarşılanması, nazirliyə ünvanlanan təşəkkür və müraciətlər həm “Unutma, YAŞAT!”, həm də “Qürurla irəli!” ideyalarının ənənə halını alması üçün bir əsas, bir də stimul oldu.

30 illik həsrətə QALİB XALQIN nümayəndəsi olaraq son qoymaq bizim üçün ən böyük şərəf, ən şirin zəfər və ən müqəddəs hissdir.

Xəbər 1290 dəfə oxundu.