Canni De Byazi: Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq
Əvvəlcə Zəfər Gününüz mübarək. Bəzi futbolçular zədə səbəbindən sabahkı oyunda meydana çıxmayacaqlar. Ancaq bu, bəhanə deyil.

Bu sözləri dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi noyabrın 10-da təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis qeyd edib ki, Lüksemburq millisi yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Gənc futbolçuları səviyyəli komandalarda oynayır. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur.

"Mert Çelikin problemi var. Onu bərpa etməyə çalışırıq ki, ehtiyat skamyamız geniş olsun. Sabahkı oyunda heyətdə bəzi dəyişikliklər olacaq. Cəlal Hüseynov gənc oyunçudur. Çıxışını bəyənirəm. Qarşıdakı iki oyundan birində ona şans verməyi düşünürəm”, - deyə baş məşqçi əlavə edib.

Yığmamızın üzvü Mahir Emreli deyib: "Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Millidə qol vura bilməməyim məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. İnanın ki, hamıdan çox özüm özümdən qol gözləyirəm. Ümid edirəm ki, sabah bu tilsimi qıracağam".

Noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan-Lüksemburq matçı saat 21:00-da başlayacaq.

Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alıblar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla qrupda sonuncudur.

Xəbər 293 dəfə oxundu.