Şahmat üzrə dünya çempionatı Qazaxıstanda keçiriləcək
Şahmatın rapid və blits növləri üzrə dünya çempionatı Qazaxıstanın paytaxtı Nursultan şəhərində keçiriləcək.

Bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb. Ötən il COVID-19 pandemiyası səbəbindən keçirilməyən dünya çempionatı bu il - dekabrın 25-dən 30-dək baş tutacaq. Bu ilin son və ən böyük şahmat turnirinə ev sahibliyi etmək üçün namizədlər arasından Qazaxıstan seçilib. Artıq təşkilatı işlərə start verilib. Dünya çempionatının ümumi mükafat fondu əvvəlki kimi 1 milyon ABŞ dolları təşkil edəcək. Turnirin rapid yarışlarında kişilər 13, qadınlar isə 11 turda mübarizə aparacaqar. Blits yarışı isə kişilərdə 21, qadınlarda isə 17 raunddan ibarət olacaq. Turnirlər İsveçrə sistemi üzrə keçiriləcək.

Qeyd edək ki, 2019-cu ildə Moskvada keçirilən son dünya çempionatında kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi adını qazanıb. Qadınlar arasında isə hindistanlı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionu adına sahib olublar.

Xəbər 775 dəfə oxundu.