Tovuz rayon Gənclər və İdman İdarəsi “Unutma, YAŞAT” futbol turnirinin qalibi oldu
Gənclər və İdman Nazirliyinin həvəskarlar arasında, “Unutma, YAŞAT” şüarı ilə təşkil etdiyi mini futbol turnirinə noyabrın 8-də - Zəfər günündə yekun vurulub.

64 komandanın iştirakı ilə keçirilən turnirdə bir sıra nazirliklər, idman federasiyaları, ali təhsil müəssissələri, QHT-lər və Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan idarə və təşkilatlar təmsil olunublar.

Finalda Tovuz rayon Gənclər və İdman İdarəsinin komandası Güləş Federasiyasına 2:1 hesabı ilə qalib gələrək, turnirin baş mükafatına sahib olub.

3-cü yeri isə Qax rayon Gənclər və İdman İdarəsinin komandasına 6:1 hesabı ilə qalib gələn Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tutub.

İlk 3 yeri tutan komandaya müvafiq diplom, kubok və medallar təqdim edilib.

Bundan başqa, turnirin ən yaxşı oyunçusu Hacı Əliyev (Güləş Federasiyası), ən yaxşı qapıçı Seymur Bəydəmirov (Sumqayıt ŞGİBİ), bombardiri Azər Mehtiyev (Sumqayıt ŞGİBİ) xüsusi kuboklara layiq görülüblər.

Oqtay Abdullayev isə turnirin ən yaşlı iştirakçısı seçilib.

Turnirin mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, bir sıra idman qurumlarının rəhbərləri, futbol veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər 409 dəfə oxundu.