“Qarabağ” komandası Premyer Liqanın “Zəfər” turunda böyük hesablı qələbə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının X – “Zəfər” turuna noyabrın 7-də “Sumqayıt” - “Qarabağ” oyunu ilə yekun vurulub.

"Kapital Bank Arena"da oynanılan görüşdə ağdamlılar ev sahiblərinin qapısından dörd cavabsız top keçiriblər.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada hesabı 39-cu dəqiqədə Ramil Şeydayev açıb. Qapıçı ilə təkbətək qalan futbolçu dueldən qalıb ayrılıb. Matçın 45+2-ci dəqiqəsində Musa Qurbanlı "Sumqayıt"ın qapısı qarşısına ötürməni dəqiq tamamlayaraq hesab arasındakı fərqi iki topa çatdırıb.

Fasilədən sonra "Qarabağ" daha iki qol vurub. Qarşılaşmanın 51-ci dəqiqəsində kapitan Maksim Medvedev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunda son nöqtəni isə 77-ci dəqiqədə Musa Qurbanlı qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu rəqib komandanın qapısından keçirib.

Bu Qələbə sayəsində “Qarabağ” xal ehtiyatını 23-ə çatdıraraq liderliyini möhkəmləndirib. “Zəfər” turunda “Neftçi”nin “Keşlə”yə uduzaraq (2:3) xal itirməsindən yararlanan “Qəbələ” səfərdə “Səbail” üzərində qazandığı qələbə (2:0) sayəsində flaqmanı bir pillə geridə qoyaraq 18 xalla ikinci pillədə qərarlaşıb. “Zəfər” turunun açılış matçında “Sabah” ilə çoxqollu (3:3) heç-heçə edən “Zirə” 16 xalla dördüncü, “Sumqayıt” 11 xalla beşincidir. “Keşlə”nin 10, “Səbail”in 9, “Sabah”ın isə 8 xalı var.

Qeyd edək ki, Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının X turunu “Zəfər” turu elan edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

Xəbər 405 dəfə oxundu.