Azərbaycan Premyer Liqasının X turuna “Sabah” – “Zirə” oyunu ilə start verilib
Noyabrın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

“Zəfər turu”nun ilk oyun gününün birinci görüşündə “Sabah” klubu “Bank Respublika Arena” stadionunda “Zirə” komandasını qəbul edib. Görüş 3:3 hesabı ilə başa çatıb.

Görüş erkən qolla başlayıb. 55-ci saniyədə “Sabah”ın yarımmüdafiəçisi Coy-Lens Mikels hesabı açıb. Almaniyalı futbolçu bununla mövsümün ən erkən qolunu vurub. Cəmi dörd dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Davit Volkov adını tabloya yazdırıb. Matçın 23-cü dəqiqəsində Mikels özünün və komandasının ikinci qoluna imza atıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə Xuan Kamara hesab arasındakı fərqi minimuma endirib. İspaniyalı oyunçu fasilədən dərhal sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub. Say üstünlüyündən istifadə edən “qartallar” 59-cu dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıblar. Volkov dublunu rəsmiləşdirib. Görüşdə son nöqtəni də gürcüstanlı hücumçu qoyub. Qarşılaşmanın 82-ci dəqiqəsində fərqlənən forvard həm komandasını məğlubiyyətdən xilas edib, həm də mövsümün ilk het-trikini gerçəkləşdirib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran “Zirə” üçüncü pilləyə yüksəlib. Səkkiz xalı olan “Sabah” isə sonuncu sıradan xilas olaraq yeddinci yerə qalxıb.

Komandalar indiyədək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bunların beşində "Sabah", üçündə “Zirə” qələbə qazanıb. Dörd oyun heç-heçə başa çatıb.

Xatırladaq ki, günün digər qarşılaşmasında 17 xalla ikinci sırada qərarlaşan “Neftçi” yeddi xalla yeddinci yerdə olan “Keşlə”nin qonağı olacaq. “ASK Arena” stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Tura noyabrın 7-də “Səbail” – “Qəbələ” və “Sumqayıt” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Qeyd edək ki, Peşəkar Futbol Liqası bu turu Zəfər turu elan edib. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

Xəbər 279 dəfə oxundu.