“Könüllü gömrükçü” futbol komandası “Zəfər Liqası” futbol turnirinin qalibi olub
Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə oktyabrın 20-si - noyabrın 5-i tarixlərində Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunan “Zəfər Liqası” futbol turniri keçirilib.

Komitənin “Könüllü gömrükçü” dəstəsinin futbol komandası da olmaqla “Zəfər Liqası” futbol turnirində 12 komanda (Turizm könüllüləri, AFFA könüllüləri, Nəqliyyat könüllüləri, Bir könüllü, DOST könüllüləri, ASAN könüllüləri, Miqrasiya könüllüləri, Gənc könüllülər, Diaspor könüllüləri, Formula 1 könüllüləri, Aqrar könüllüləri) iştirak edib. Komandalar püşkatma nəticəsində hər qrupda 3 komanda olmaqla 4 qrupda mübarizə aparıb. Qrup daxilində keçirilmiş oyunlar nəticəsində ilk iki yeri tutmuş komandalar dörddəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

“Könüllü gömrükçü” dəstəsinin futbol komandası B qrupunda rəqibləri üzərində böyük hesablı qələbə qazanaraq qrup lideri kimi dörddəbir final mərhələsinə vəsiqəni təmin edib. Komanda uğurlu çıxışını davam etdirərək dörddəbir final mərhələsində AFFA könüllüləri üzərində də qələbə qazanaraq növbəti tura - yarımfinala adlayıb.

Turnirin yarımfinal mərhələsində “Könüllü gömrükçü” dəstəsinin futbol komandası Turizm könüllüləri ilə qarşılaşıb və oyun birincilərin yenə də qələbəsi ilə başa çatıb. Bu oyunun nəticəsi “Könüllü gömrükçü” dəstəsinin komandasını final mərhələsinə daşıyıb. Nəhayət noyabrın 5-də “Zəfər Liqası” futbol turnirinin final mərhələsi baş tutub, “Könüllü gömrükçü” dəstəsinin komandası “ASAN könüllüləri” ilə çempionluq uğrunda qarşı-qarşıya gəliblər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda “Könüllü gömrükçü”lər yüksək peşəkarlıq və əzmkarlıq göstərərək 3-2 hesabı ilə rəqibə qalib gəlib, “Zəfər Liqası” kubokunu başları üzərinə qaldırıblar.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mükafatlandırma mərasimində iştirak edib, komandamıza kuboku təqdim edərək onlara müvəffəqiyyətlər arzulayıb.

Xəbər 320 dəfə oxundu.