Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək
Noyabrın 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında “Zəfər turu” adlandırılan X tura start veriləcək.

“Zəfər turu”na “Sabah” – “Zirə” qarşılaşması ilə start veriləcək. Yeni məşqçinin rəhbərliyi altında meydana çıxacaq “Sabah” klubu rəqibini “Bank Respublika Arena”da qəbul edəcək. Kamal Umudlunun idarə edəcəyi görüş saat 15:00-da başlayacaq.

Ardıcıl iki turda qələbə qazanan meydan sahibləri hazırda 7 xalla sonuncu - 8-ci pillədə qərarlaşıblar. “Zirə” isə 15 xalla 4-cüdür. Komandalar indiyədək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bunların beşində “Sabah”, üçündə “Zirə” qələbə qazanıb. Dörd oyun heç-heçə başa çatıb. Top nisbəti də “Sabah”ın xeyrinədir - 16:14. “Sabah” son üç oyunda rəqibinə uduzmayıb. “Qartallar” isə bütün səfər matçlarında qol vurublar.

Günün ikinci qarşılaşmasında 17 xalla ikinci sırada yer alan “Neftçi” 7 xalla 7-ci pillədə qərarlaşan “Keşlə”nin qonağı olacaq. Saat 19:00-da başlayacaq “Keşlə” – “Neftçi” matçının baş hakimi Rauf Cabarov olacaq. Görüş “ASK Arena”da oynanılacaq.

Bu, komandaların Premyer Liqada 68-ci dueli olacaq. Əvvəlki 67 matçda “Keşlə” 15, “Neftçi” isə 37 qələbə qazanıb. Flaqman ölkə çempionatına təsadüf edən paytaxt derbilərində 106 qol vurub. Sənan Qurbanovun başçılıq etdiyi kollektiv 63 dəfə fərqlənib. “Keşlə” son 6 oyunda rəqibinə məğlub olub. “Neftçi” isə ardıcıl 3 matçda üç qol vurub.

Tura noyabrın 7-də "Səbail” – “Qəbələ” və “Sumqayıt” - “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Qeyd edək ki, doqquz turdan sonra turnir cədvəlinə 20 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 17 xalı olan “Neftçi” ikinci, hərəyə 15 xalı olan “Qəbələ” və “Zirə” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (11), “Səbail” (9), “Keşlə” (7) və “Sabah” (7) yer alıblar.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub. PFL rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Premyer Liqanın X turunu “Zəfər turu” elan edib.

Xəbər 308 dəfə oxundu.