Azərbaycan Premyer Liqasının “Zəfər turu”nun hakim təyinatları müəyyənləşib
Noyabrın 5-də futbol üzrə Azərbaycan çempionatının “Zəfər turu” adlandırılan X turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 6-da “Bank Respublika Arena” stadionunda keçiriləcək “Sabah” – “Zirə” oyunu ilə start veriləcək. Kamal Umudlunun idarə edəcəyi qarşılaşma saat 15:00-da start götürəcək.

Həmin gün saat 19:00-da baş tutacaq “Keşlə” – “Neftçi” matçının baş hakimi Rauf Cabarov olacaq. Görüş “ASK Arena”da stadionunda oynanılacaq.
Noyabrın 7-də “ASCO Arena”da baş tutacaq “Səbail” – “Qəbələ” görüşündə baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Qarşılaşma saat 15:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyunu ilə yekun vurulacaq. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 19:30-da start götürəcək.
Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, doqquz turdan sonra turnir cədvəlinə 20 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 17 xalı olan “Neftçi” ikinci, hərəyə 15 xalı olan “Qəbələ” və “Zirə” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (11), “Səbail” (9), “Keşlə” (7) və “Sabah” (7) yer alıblar.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

Xəbər 314 dəfə oxundu.