Şahmatçılarımız Çiqorin memorialında uğurla çıxış ediblər
Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Çiqorin şahmat memorialı keçirilib.

“Təhsil” Respublika İdman Mərkəzi yarışa 12 şahmatçı ilə qatılıb. Təmsilçilərimizdən Murad İbrahimli 9 oyundan 6,5 xalla ümumi hesabda mükafatçılar sırasında yer alaraq müvafiq pul mükafatının sahibi olub.

Digər şahmatçımız Şiroğlan Talıbov isə 2200 reytinqədək şahmatçılar arasında üçüncü yeri tutub. O, eyni zamanda reytinq əmsalını 116 vahid artırmaqla 2300-lük reytinq limitini keçib və FIDE ustası (FM) titulunu qazanıb.

Yarışda iştirak edən şahmatçılarımızın əksəriyyəti beynəlxalq reytinqlərini artırmağa müvəffəq olublar. Onlardan Tunar Davudov və Cahandar Azadəliyev xüsusilə fərqləniblər. Belə ki, T,Davudov öz reytinq göstəricisini 150, C.Azadəliyev isə 146 vahid artırıb. Bundan əlavə, Aysel Cəfərova 84, Şahin Vəliyev 50, Ümid Aslanov 19, Elmar Atakişiyev 17, Səbinə Rzalı 9, Ayan Allahverdiyeva 6, Xəzər Babazadə 2 vahid öz reytinqlərini yaxşılaşdırıblar.

Qeyd edək ki, turnirin qalibi adını Aleksey Fyodorov (Belarus) qazanıb. İkinci və üçüncü yerlərə Denis Xismatullin və Seygey Lobanov layiq görülüblər.

Xəbər 314 dəfə oxundu.