UEFA Konfrans Liqası: “Kayrat” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb
Noyabrın 4-də UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində üz-üzə gələcək Qazaxıstanın “Kayrat” və Ağdamın “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Saat 19:30-da Almatıdakı “Ortalık” stadionunda start götürəcək oyunu moldovalı FIFA referisi Dumitri Muntian idarə edəcək.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxacaqlar.

“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Yatsek Quralski, Vaqner Lav, Kamo Ohanesyan, Frenki Banyak, Rikardu Alveş, Joze Kante və Neboyşa Kosoviç yer alıblar.

“Kayrat” ilə oyundan əvvəl Qurban Qurbanovun yetirmələrinin heyətində üç itki var. Bədavi Hüseynov və Xayme Romero zədəli olduqları, Qaspar Panadero zədəsi yeni sağaldığı üçün Qazaxıstana aparılmayıb. Bundan başqa, “Neftçi” ilə Premyer Liqanın IX tur matçından (4:0) sonra ayaq əzələsində problem aşkarlanan Abdullah Zubirin meydana çıxması sual altındadır. Almatı təmsilçisinin heyətində isə müdafiəçi Qafurjan Suyumbayev zədə səbəbindən matçı buraxacaq.

Hazırda qrup lideri ilə eyni – 7 xal toplayaraq, ikinci pillədə qərarlaşan “Qarabağ” bu turda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün “köhlən atlar” həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər. Ağdam təmsilçisi üçüncü turda “Kayrat”ı 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.


Xəbər 294 dəfə oxundu.