Güləşçimiz Ülvü Qənizadə dünya çempionatını üçüncü pillədə başa vurub
Yunan-Roma güləşçimiz Ülvü Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək idmançıların dünya çempionatında bürünc medal qazanıb.

Çempionatda 72 kiloqram çəki dərəcəsində çıxış edən Ü.Qənizadə startda Qırğızıstan güləşçisi üzərində inamlı qələbə qazanıb. Səkkizdəbir finalda Hindistan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda Ü.Qənizadə minimal hesablı qələbəyə sevinib. Güləşçimiz dörddəbir finalda macar rəqibini çətinliklə də olsa, üstələyərək yarımfinala vəsiqə qazanıb. Ancaq təmsilçimiz finalın bir addımlığında Rusiya güləşçisinə minimal fərqlə məğlub olub və ümidini bürünc medala bağlayıb.

Noyabrın 3-də İran güləşçisi ilə bürünc medal uğrunda görüş olduqca dramatik alınıb. Belə ki, ilk hissə başa çatanda rəqib hesabda 6:0 öndə olub. Ancaq ikinci hissədə əsl əzmkarlıq göstərən təmsilçimiz möhtəşəm geridönüş edərək həmkarını böyük fərqlə üstələyib və dünya çempionatının bürünc medalına sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz mundialı 1 qızıl və 2 bürünc medalla başa vurub. Bu, yığmamızın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricisidir.

Xəbər 396 dəfə oxundu.