UEFA Çempionlar Liqası: daha iki klub pley-off mərhələsinə vəsiqə qazanıb
Noyabrın 3-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turuna yekun vurulub.

Turun ikinci oyun günündə A, B, C və D qruplarında görüşlər baş tutub. Pley-off mərhələsinə çıxan daha iki klubun adına aydınlıq gəlib. Qrup mərhələsinin başa çatmasına iki tur qalmış “Ayaks” və “Liverpul” növbəti mərhələyə vəsiqələri təmin edib.

Türkiyənin yeganə təmsilçisi, C qrupunda yer alan “Beşiktaş” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qrupun digər görüşündə “Ayaks” səfərdə “Borussiya Dortmund” komandasından üstün olub - 1:3.

Bu qrupa 12 xalla “Ayaks” başçılıq edir. “Borussiya Dortmund” və “Sportinq” komandaları 6 xalla ikinci və üçüncü yerləri bölüşür. “Beşiktaş” isə xalsız sonuncu yerdə qərarlaşıb.

B qrupunda İtaliyanın "Milan" klubu evdə Portuqaliyanın "Portu" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 39-cu dəqiqədə qonaqların heyətində Luis Dias açıb. Matçın 61-ci dəqiqəsində "Portu"nun futbolçusu Şansel Mbemba avtoqol müəllifi olub. Beləliklə, Milan şəhərinin eyniadlı təmsilçisi qrup mərhələsində ilk xalını qazanıb. Qrupun digər oyununda İspaniyanın "Atletiko Madrid” komandası səfərdə İngiltərənin "Liverpul" komandasına qalib gəlib - 2:0.

Beləliklə, dördüncü turda qazandığı qələbə sayəsində xallarının sayını 12-yə çatdıran “Liverpul” qrup mərhələsinin başa çatmasına iki tur qalmış pley-offa vəsiqəni təmin edib. Qrupda ikinci sırada qərarlaşan “Portu”nun 5 xalı var. “Atletiko Madrid” 4 xalla üçünü, “Milan” isə 1 xalla sonuncudur.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu
"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1;
"Leyptsiq" (Almaniya) - “Paris Sen-Jermen” (Fransa) - 2:2.
Xal durumu: "Mançester Siti" - 9, “Paris Sen-Jermen” - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.

B qrupu
"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1;
"Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0.
Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.
C qrupu
"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0;
"Borussiya Dortmund” (Almaniya) - "Ayaks" (Niderland) - 1:3.
Xal durumu: "Ayaks" - 12, "Borussiya Dortmund" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.
D qrupu
"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1;
"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3.
Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.
Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.

Xəbər 309 dəfə oxundu.