Avro-2013-ün seçmə mərhələsi üçün Azərbaycan millisinin ilkin heyəti açıqlanıb
Qadın voleybolçular arasında Avro-2013-ün seçmə mərhələsi üçün Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. Yığmamız Avropa Voleybol Konfederasiyasına 16 voleybolçunun adını sifariş verib.

Heyətdə ciddi dəyişiklik edilməsə də, 2 debütant yer alıb. Bunlar Yana Ağayeva və Şafaqət Həbibovadır. Birinci yığmamızda debütünü gözlədiyi halda, ikinci məcburiyyətdən komandaya cəlb edilib. Çünki əsas toppaylayıcımız və kapitanımız Oksana Parxomenko zədəli olduğundan millimizə kömək edə bilməyəcək.

Bu səbəbdən də onun əvəzləyicisi kimi Natavan Qasımova meydana çıxacaq, 21 yaşlı Həbibova isə eyni zonada oynadığı üçün ehtiyat voleybolçu kimi düşərgəyə çağırılıb.

Parxomenko ilə yanaşı, Polina Rəhimova və Kseniya Kovalenko da zədəli olduqları üçün voleybolçularımıza kömək etməyəcəklər. Baş məşqçi Faiq Qarayevin sifariş etdiyi “16-lıq” isə belədir: Dərya Zamanova, Kseniya Kovalenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Odina Əliyeva, Ayşən Abduləzimova, Yelena Parxomenko, Natavan Qasımova, Natalya Məmmədova, Yana Ağayeva, Valeriya Korotenko, Ülkər Kərimova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova və Şafaqət Həbibova.

Qeyd edək ki, II təsnifat mərhələsindən yarışa qoşulacaq yığmamız I dövrənin oyunlarını 7-9-da Finlandiyada, 14-16-da Azərbaycanda keçirəcək. C qrupunda yer alan komandamız Belarus, Finlandiya və Avstriya ilə mübarizə aparacaq. Qrup qalibləri birbaşa final mərhələsinə, ikinci yerin sahibləri isə pley-offa yüksələcəklər.

Xəbər 955 dəfə oxundu.