FHN-in karate üzrə respublika çempionatında uğurla çıxış edən komandasının üzvləri ilə görüş keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və klubun əməkdaşları yeniyetmə və gənclər arasında 21-ci respublika çempionatında uğur qazanmış idmançı və məşqçilərlə görüşüblər.

Görüşdə Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə oktyabrın 28-31-də keçirilmiş respublika çempionatında 30 komandadan 300-ə yaxın idmançının mübarizə apardığı vurğulanıb. Qeyd edilib ki, yarışda FHN-in idman-sağlamlıq klubunun karate komandasının 8 idmançısı mübarizə apararaq yüksək nailiyyətlər qazanıb. Belə ki, 14-15 yaşlı oğlanlar arasında şəxsi kumite yarışlarında Nihad Kərimzadə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızların şəxsi kumite yarışlarında isə Mədinə Baratzadə ikinci, Vəsilə Hacıyeva üçüncü yerə layiq görülüblər.

Şəxsi kata yarışlarında (16-17 yaş) qızlar arasında Samirə Məmmədova qızıl, oğlanlar arasında Nihad Məmmədzadə gümüş medallara sahib olublar. Oğlanların şəxsi kumite və kata yarışlarında (18-21 yaş) Xəyal Məmmədov, şəxsi kumite yarışında Kənan Babayev üçüncü, qızların şəxsi kata turnirində isə Samirə Babayeva ikinci yerləri tutublar.

İdmançıların ilk məşqçiləri 1-ci dan qara kəmər sahibi Coşqun Sadıqov, Əməkdar məşqçilər, 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırki şəxsi məşqçiləri isə Əməkdar idman ustası, Əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Füzuli Musayev və klubun əməkdaşları çempionatda uğur qazanmış idmançıları və məşqçi-müəllimləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, Azərbaycanda karate idmanının geniş yayılmasında mühüm xidmətləri olan Füzuli Musayev həm də beynəlxalq miqyaslı idman yarışlarında böyük nailiyyətlər qazanan bir sıra idmançılar hazırlayaraq, gələcəyin çempionlarını yetişdirib.

Xəbər 317 dəfə oxundu.