“Sabah” klubu tarixində ilk məhsuldar oyunlar seriyasına imza atıb
Paytaxtın “Sabah” futbol klubunun Premyer Liqanın IX turu çərçivəsində ötən gün səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdiyi görüş bu komanda üçün əlamətdar olub.

Bununla da komanda çempionatda ardıcıl ikinci qələbəsini qazanıb. Belə ki, “Sabah” VIII turda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib. Bununla da “Sabah” klubu tarixində beşinci dəfə ardıcıl iki oyunda qələbə qazanmağı bacarıb.

Lakin əvvəlki seriyalardan yalnız birində - 2020-ci ilin sentyabrında iki matçın yekununda top fərqi indiki kimi beşə bərabər olub. Həmin vaxt “Qəbələ”ni 3:0, “Zirə”ni 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi rekord seriyasını bu dəfə təkrarlayıb.

Bakılılar Premyer Liqada ilk dəfə ardıcıl iki görüşdə üç qol vurublar. Tarixində cəmi 7 matçda ikidən artıq top vuran komanda buna qədər heç vaxt ardıcıl məhsuldar qarşılaşma keçirməmişdi.

Xəbər 328 dəfə oxundu.