“Qarabağ” öz meydanında “Neftçi”ni darmadağın edib
Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun mərkəzi qarşılaşması keçirilib.

Günün ikinci matçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. Matçın 10-cu dəqiqəsində Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. Dörd dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. F.Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.

Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.

Xatırladaq ki, əzəli rəqiblər indiyədək Azərbaycan çempionatları tarixində 84 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam təmsilçisi, 23-də flaqman qələbə sevinci yaşayıb. Otuz matç isə heç-heçə ilə başa çatıb. Premyer Liqadakı son 7 görüşdən yalnız birində meydan sahibi olan tərəf qələbə qazana bilib. Bundan əlavə, “Neftçi” son 3 oyunda “köhlən atlar”ın qapısına yol tapıb.

Xəbər 484 dəfə oxundu.